Colgate-Palmolive tərəfindən aparılan son araşdırmalar göstərir ki, ağız boşluğuna qulluq üçün olan bəzi vasitələr ağızda COVID-19-a səbəb olan SARS-CoV-2 virusu miqdarının müvəqqəti olaraq azaldılmasında rol oynaya bilər. Laboratoriya testlərində sink, qalay florid(II) və ya aminoflorid tərkibli bəzi diş məcunlarının, həmçinin setilpiridinium xlorid (CPC), hidrogen peroksid, xlorheksidin və ya qalay florid(II)/aminoflorid tərkibli ağız yaxalayıcılarının virusu 99% zərərsizləşdirdiyi aşkarlanıb. COVID-19-a yoluxmuş xəstələr ilə prosedurdan öncə aparılmış ilkin kliniki test CPC, həmçinin sink, hidrogen peroksid və ya xlorheksidin tərkibli vasitələrlə ağzı yaxaladıqdan sonra 60 dəqiqəyə qədər müddət ərzində ağızdakı virus miqdarının azaldığını göstərib. Bu ilkin araşdırmanın ağızdakı virusun səviyyəsini müvəqqəti olaraq necə azaltdığını və bunun sizin üçün nə demək olduğunu öyrənmək üçün çox çalışırıq. Qeyd etmək vacibdir ki, sınaqdan keçirilmiş məhsulların COVID-19-un qarşısını ala, müalicə edə və ya sağaldacağına, yaxud da simptomlarını yüngülləşdirə biləcəyinə dair heç bir dəlil yoxdur və məhsulların bu məqsədlər üçün istifadəsi nəzərdə tutulmayıb. Lakin müntəzəm fırçalama və yaxalama ağzınızın təmiz və sağlam olmasında mühüm rol oynaya bilər. Ən çox verilən bəzi sualların cavablarını öyrənmək üçün oxumağa davam edin.
DİŞ MƏCUNU VƏ AĞIZ YAXALAYICISININ COVID-19 VİRUSUNA TƏSİRİ İLƏ BAĞLI COLGATE-PALMOLIVE-İN LABORATORİYA VƏ KLİNİKİ NƏTİCƏLƏRİ HAQQINDA SUAL-CAVAB
Ümumi Suallar:
1. Ağız boşluğuna qulluq vasitələri məni COVID-19-a yoluxmaqdan və ya virusu başqasına keçirməkdən qoruya bilər?
COVID-19-a səbəb olan virus ağzınızda aşkarlanarsa, deməli, artıq yoluxmusunuz. Ağız boşluğuna qulluq vasitələrindən istifadənin virusa yoluxmanın qarşısını ala biləcəyinə dair hazırda heç bir dəlil yoxdur. Ağız suyunda virus miqdarının azalmasının danışıq, mahnı oxumaq və ya öskürək vasitəsilə ötürülə bilən yoluxdurma riskini azalda biləcəyini müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparmaq lazımdır.
2. Ağız boşluğuna qulluq vasitələri COVID-19 simptomlarımı yüngülləşdirə və ya sağalmağımı sürətləndirə bilər?
Xeyr, ağız boşluğuna qulluq vasitələrininin COVID-19 simptomlarını yüngülləşdirəcəyinə və ya sağalmağınızı sürətləndirəcəyinə dair dəlil yoxdur. COVID-19-un müddətinə və ağırlıq dərəcəsinə immun sisteminizin möhkəmliyi daxil olmaqla digər amillər də təsir edir. Məhsullarımızın COVID-19-un qarşısını almaq, müalicə etmək, sağaltmaq, yaxud da simptomlarını yüngülləşdirmək məqsədilə istifadəsi nəzərdə tutulmayıb və təsdiqlənməyib.
3. Laboratoriya testində hansı diş məcunları və ağız yaxalayıcıları SARS-CoV-2 virusunu 99% və daha çox zərərsizləşdirib?
Sınaqdan keçirilmiş diş məcunlarına tərkibində sink, qalay florid(II) və ya aminoflorid olanlar daxildir.
Sınaqdan keçirilmiş ağız yaxalayıcıları və spreylərə tərkibində 0,075% setilpiridinium xlorid (CPC), 1,5% hidrogen peroksid, 0,12% xlorheksidin və ya qalay florid(II)/aminoflorid olanlar daxildir.
4. İlkin kliniki tədqiqatda hansı ağız yaxalayıcıları ağızdakı virus miqdarını 60 dəqiqəyə qədər əhəmiyyətli dərəcədə azaltdı?
Sınaqdan keçirilmiş formulalar bunlardır: (1) 1,5% hidrogen peroksid, (2) 0,12% xlorheksidin və (3) 0,075% setilpiridinium xlorid (CPC) və 0,28% sink.
5. "Virusun zərərsizləşdirilməsi" nə deməkdir?
"Virusun zərərsizləşdirilməsi" virusun mövcud olsa da, artıq yoluxucu olmaması və çoxalmaması deməkdir.
6. Ağız boşluğuna qulluq vasitələri virusu zərərsizləşdirməyə necə yardım edir?
Mövcud tədqiqatlar sınaqdan keçirilmiş ağıza qulluq vasitələrinin virus kapsuluna hücum edərək onu həll etdiyini göstərir. Xarici qoruyucu örtüyün yox olması və ya zədələnməsi virusun hüceyrələrə yapışmasının və onları yoluxdurmasının qarşısını alır.
7. Çölə çıxmazdan, yaxud insanlar ilə görüşməzdən əvvəl dişlərimi fırçalamalı və ya ağzımı yaxalamalıyam?
Ağıza qulluq gündəlik şəxsi gigiyena qaydalarınızın bir hissəsi olmalıdır. Virusun yayılmasının qarşısını almaq üçün maska taxmağa, sosial məsafə saxlamağa və əllərinizi yumağa davam etməlisiniz. Hazırda dişləri fırçalamağın, yaxud ağzı yaxalamağın COVID-19-un qarşısını aldığına, müalicə etdiyinə və ya sağaltdığına dair heç bir dəlil yoxdur. Ağız suyunda virus miqdarının azalmasının danışıq, mahnı oxumaq və ya öskürək vasitəsilə ötürülə bilən yoluxdurma riskini azalda biləcəyini müəyyənləşdirmək üçün əlavə tədqiqatlar həyata keçirmək lazımdır. Mütəmadi olaraq dişləri fırçalamaq və ağzı yaxalamaq ağız sağlamlığının qorunması üçün əsas amildir. Fırçalama və yaxalamanın ağızdakı virus miqdarına necə təsir etdiyini müəyyənləşdirmək üçün əlavə araşdırmalar həyata keçirməyi planlaşdırmışıq.
8. Laboratoriya testi nəticələri insanın ağzında baş verənləri necə göstərir?
Laboratoriya testi sınaq xarakterli məhsulların SARS-CoV-2 virusunu zərərsizləşdirə bilib-bilməyəcəyini müəyyən etmək üçün hazırlanmışdır. Colgate-Palmolive ağızda virusu zərərsizləşdirməyə və müvəqqəti olaraq virusun səviyyəsini azaltmağa yardım etmək məqsədilə oxşar nəticələrin olub-olmadığını müəyyənləşdirmək üçün əlavə kliniki tədqiqatlar aparır.
9. Rəqib şirkətlərin məhsullarını sınaqdan keçirmisiniz?
Rəqib şirkətin məhsullarını sınaqdan keçirməmişik.
10. Dişlərimi fırçalasam və ya ağız yaxalayıcısı ilə yusam, maska taxmalıyam?
Bəli. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) COVID-19-un yayılmasının qarşısını almaq üçün hər kəsin maska taxmasını tövsiyə edir. Maska taxmaq, sosial məsafə saxlamaq və əlləri yumaq kimi COVID-19-a yoluxmanın və virusun yayılmasının qarşısını almağa kömək edən təlimatları izləməyə davam edin.
11. Dişləri fırçalamaq və ya ağız yaxalayıcısı ilə ağzı yaxalamaq anticisimlərinizə təsir edir?
Xeyr, dişləri fırçalamaq və ya ağız yaxalayıcısı ilə ağzı yaxalamaq anticisimlərinizə heç bir təsir göstərmir.
Diş məcununa dair suallar
12. Hər diş məcunu COVID-19-a səbəb olan virusu zərərsizləşdirir?
COVID-19-a səbəb olan virusu zərərsizləşdirib-zərərsizləşdirmədiyini müəyyən etmək üçün sink, qalay florid(II) və ya aminoflorid tərkibli seçilmiş diş məcunlarını laboratoriya şəraitində sınaqdan keçirmişik. Bu tərkibdən ibarət olmayan digər diş məcunları haqqında məlumatımız yoxdur.
13. Dişləri fırçalamaq ağızda COVID-19-a səbəb olan virusun miqdarına təsir edir?
SARS-CoV-2 üzrə laboratoriya nəticələrimiz ürəkaçan olsa da, kliniki tədqiqat olmadan bu təsirlərin ağız boşluğunda da olub-olmayacağını deyə bilmərik. Hazırda kliniki proqramımız müəyyən diş məcunları ilə fırçalamanın ağızdakı virus miqdarını müvəqqəti azaldıb-azaltmayacağını müəyyənləşdirmək üçün COVID-19 testi nəticələri pozitiv olan şəxslər ilə araşdırma aparır.
14. Sınaqdan keçirilmiş diş məcunları ağızda COVID-19-a səbəb olan virusun səviyyəsini nə qədər müddətə azaldacaq?
Virusun ağızda da laboratoriya testlərində olduğu kimi zərərsizləşib-zərərsizləşməyəcəyini müəyyənləşdirmək üçün əlavə araşdırmalar aparırıq.
Ağız yaxalayıcısı/Ağız spreyi:
15. Hər ağız yaxalayıcısı və ya ağız spreyi COVID-19-a səbəb olan virusu zərərsizləşdirir?
COVID-19-a səbəb olan virusu zərərsizləşdirib-zərərsizləşdirmədiyini müəyyən etmək üçün 0,075% setilpiridinium xlorid (CPC), 1,5% hidrogen peroksid, 0,12% xlorheksidin və ya qalay florid(II)/aminoflorid tərkibli seçilmiş ağız yaxalayıcıları/ağız spreylərini laboratoriya şəraitində sınaqdan keçirmişik. Bu tərkibdən ibarət olmayan digər ağız yaxalayıcıları və ya ağız spreyləri haqqında məlumatımız yoxdur.
16. Hər ağız yaxalayıcısı və ya ağız spreyi ağızdakı virusun miqdarını müvəqqəti azaldır?
(1) 1,5% hidrogen peroksid, (2) 0,12% xlorheksidin və (3) 0,075% setilpiridinium xlorid (CPC), həmçinin 0,28% sink tərkibli formulaları ilkin sınaqdan keçirmişik və bu məhsulların ağızdakı virus miqdarının müvəqqəti azalmasında təsirini bildirməkdən məmnunuq. Digər məhsulları test etməmişik.
17. 0,12% və 0,2% xlorheksidin (CHX) hidrogen peroksid kimi təsirlidir?
Laboratoriya tədqiqatı məhsullar arasındakı effektivliyi müqayisə etmək məqsədilə aparılmayıb. Tədqiqat məhsulların SARS-CoV-2 virusunu zərərsizləşdirmə qabiliyyətini yoxlamaq məqsədilə həyata keçirilib.
18. Ağız yaxalayıcısı ilə ağzı yaxalamaq və ya ağız spreyindən istifadə etmək ağzımdakı virus miqdarını nə qədər azaldacaq?
Laboratoriya testləri göstərdi ki, 30 və ya 60 saniyəlik təmas müddətində setilpiridinium xlorid tərkibli vasitələr də daxil olmaqla bəzi ağız yaxalayıcıları ilə ağız boşluğunun yuyulması COVID-19-a səbəb olan virusu 99,9% nisbətində zərərsizləşdirib. Bu zərərsizləşdirmə effektinin ağızdakı virusun müvəqqəti azalmasına səbəb olub-olmadığını müəyyənləşdirmək üçün ilkin kliniki tədqiqat apardıq və sınaqdan keçirilmiş ağız yaxalayıcıları üçün bu hal öz təsdiqini tapdı. Seçilmiş ağız yaxalayıcıları üzərində aparılan ilkin kliniki tədqiqatın nəticəsinə əsasən, ağzı yaxalamaq dərhal təsir göstərir və ağızdakı virusun miqdarı əhəmiyyətli dərəcədə azalır. Ağzı yaxaladıqdan dərhal sonra virusun miqdarı ən aşağı səviyyədə olur və bu, 30-60 dəqiqə müddətində davam edir.
19. Ağız yaxalayıcısı ilə ağzı yaxalamaq insanları COVID-19-dan qoruyur?
İlkin kliniki tədqiqat bəzi ağız yaxalayıcıları ilə ağzı yaxaladıqdan sonra virus miqdarının 60 dəqiqə ərzində kəskin azaldığını göstərir. Lakin ağız yaxalayıcısı və ya ağız spreyindən istifadənin COVID-19-a yoluxmanın və ya yoluxdurmanın qarşısını almağa kömək etdiyini göstərən heç bir dəlil yoxdur. Ağzın mütəmadi olaraq yaxalanması ağız boşluğu sağlamlığının qorunmasında mühüm rol oynayır. Stomatoloqlar gündəlik ağız baxımı rejiminin bir hissəsi olaraq ağız yaxalayıcılarını istifadə etməyi tövsiyə edir.